news-image

Semenik bölgəsini müasir turizm mərkəzinə çevirəcək bu layihədə sürüşmə zolaqları, teleqondola və süni qar sistemləri ilə yanaşı, yay mövsümü üçün zipline və macəra parkı kimi əlavə istirahət imkanları da yaradılacaq. Semenik turizm zonasının inkişafı üzrə işlərə artıq başlanılıb. Bu layihə Resita Bələdiyyəsi tərəfindən, Valiug Bələdiyyəsi və Caras-Severin Rayon Şurası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Bu barədə açıqlamanı Resita şəhərinin meri Ioan Popa 26 Mart 2026-cı ildə keçirilən mətbuat konfransında verib və layihənin əsas komponentlərini təqdim edib. Layihə çərçivəsində ümumilikdə təxminən 13 km uzunluğunda (3 zolaq) sürüşmə zolaqları, hər biri 10 nəfərlik 101 kabinədən ibarət və saatda 2400 nəfər daşıya biləcək müasir kanat xətti, eləcə də süni qar istehsalı sistemi qurulacaq. Bundan əlavə, layihə süni gölün yaradılmasını, əlaqəli infrastrukturun qurulmasını, turistləri aşağı stansiyaya daşıyan avtobuslar üçün yol, Gozna çayı üzərində körpü və qar sıxlaşdıran texnika üçün qarajın tikintisini əhatə edir. Tikinti işləri Bistrita şəhərindən olan Dimex və Polşadan olan Supersnow kimi milli və beynəlxalq şirkətlər tərəfindən həyata keçiriləcək. Texniki nəzarət və ekspertiza isə Azərbaycandan olan ArchiCO Engineering Company tərəfindən təmin edilir. Bu şirkətlərin nümayəndələri Resita şəhərində işlərə başlama mərasimində iştirak ediblər. “Bu gün Semenikdə işlərə start veririk. İşlər süni qar sisteminin qurulması ilə başlayır. Bu sistem təxminən 13 km uzunluğunda – üç xizək zolağını, həmçinin 64.000 kubmetrlik gölü və onun Gozna və Goznuta mənbələrindən qidalanmasını əhatə edir. Ümid edirəm ki, noyabr və ya dekabr aylarında süni qar sistemini istifadəyə verə biləcəyik”, – deyə Ioan Popa bildirib. Mer qeyd edib ki, kanat xətti ilin sonuna qədər hazır olmasa belə, turistlər bələdiyyənin Avropa fondları hesabına aldığı avtobuslarla kurorta çatacaqlar. Bu avtobuslar yay ortalarına qədər istifadəyə veriləcək. “Əgər ilin sonuna qədər kanat xətti hazır olmasa belə, qarşıdakı qışda Semenikdə süni qar olacaq. May–iyun aylarında gələcək 14 avtobus vasitəsilə xizəkçiləri dağa çatdıra biləcəyik. Bu, kanat xəttinin həcmi ilə olmasa da, kurortun fəaliyyətini sınamağa və son 25-30 ildə qurduğumuz arzunun reallığa çevrildiyini görməyə imkan verəcək”, – deyə mer əlavə edib. Xizək zolaqları artıq istifadəyə hazırdır və əvvəlki illərdə yerli idarəetmə tərəfindən salınıb. Bu mərhələdə işlər əsasən texniki infrastrukturun qurulmasına yönələcək və tamamlandıqdan sonra ərazi əvvəlki vəziyyətinə qaytarılacaq. “Xizək zolaqlarına heç bir müdaxilə edilməyəcək. Onlar 3-4 il əvvəl Resita Bələdiyyəsi tərəfindən salınıb, hazırda ot örtüyü ilə təmin olunub. Sadəcə hər zolağın kənarında böyük kanallar çəkiləcək. İşlər bitdikdən sonra podratçı ərazini əvvəlki vəziyyətinə qaytarmalı, yenidən ot əkilməli və yağış sularının axıdılması sistemi bərpa edilməlidir”, – deyə mer vurğulayıb. Layihənin ən həssas hissələrindən biri kanat xəttinin tikintisi və quraşdırılmasıdır. Kabel nəqliyyatı sahəsində dünya liderlərindən biri olan Lighter şirkətinin işlərə başlaması üçün maliyyə zəmanətləri tələb olunur. Bu vəsaitlərin ya kredit, ya da Timiș Rayon Şurası tərəfindən təmin olunacağı gözlənilir. “Bugünkü konfransda Lighter şirkəti iştirak etmədi. Dimex və Supersnow artıq onlarla irəliləmiş danışıqlar aparır. Onlar işə başlamaq üçün maliyyə təminatı istəyirlər. Hazırda iki variant üzərində işləyirik: biri bank krediti, digəri isə Timiș Rayon Şurasının layihəyə qoşulmasıdır. Semenikə gələcək turistlərin 50%-dən çoxu məhz Timiș və Arad bölgələrindən olacaq”, – deyə Ioan Popa bildirib. Semenik turizm zonasının inkişafı yalnız qış turizmi ilə məhdudlaşmır. ADR Vest tərəfindən maliyyələşdirilən Regional Əməliyyat Proqramı çərçivəsində ərazidə əlavə olaraq zipline, macəra parkı, pumptrack və xüsusi lift sistemi yaradılacaq. Lakin bu fəaliyyətlər bu gün başlanan tikinti işlərinə daxil deyil.

news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image