ArchiCO şirkəti Rumıniyada, Resita bələdiyyəsi tərəfindən “Semenic Turist zonasının inkişaf etdirilməsi” üzrə təşkil olunan tenderin qalibi olub. Ölkədəki “Semenic” dağ-xizək zonasında 15 km-lik sürüşmə zolağının və 1 kanat yolunun layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Bununla əlaqədar keçirilən tenderə dünyanın bu sahədə ən nüfuzlu şirkətləri qatılıb. Tender Komissiyasının qərarına görə, “ArchiCO (Azərbaycan) – Dimex 2000 (Rumıniya) – Supersnow (Polşa)” alyansı tenderin qalibi elan olunub. “ArchiCO Engineering Company” (“ArchiCO” MMC) 2009-cu ildən Azərbaycanda mühəndislik xidmətləri həyata keçirir. Şirkət, dağ-xizək zonalarının layihələndirilməsi, sürüşmə zolaqları, kanat yolları və süni qar yaratma sistemlərinin tikinti və quraşdırma işlərində böyük təcrübəyə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarına malikdir.